GÜNEYLİ SİYASİ FƏALIN SƏHHƏTİ AĞIRLAŞIB

Tehrandakı “Evin” həbsxanasında saxlanılan güneyli fəal və jurnalist, insan hüquqları müdafiəçisi Səid Mətinpurun vəziyyəti ağırlaşıb. Onun baş ağrıları, mədəsindəki ağrılar son günlər xeyli güclənib. Bunu hərəkatçının Zəncanda yaşayan həyat yoldaşı Ətiyyə Tahiri deyib. Xanımı həyat yoldaşının taleyindən narahat olduğunu da söyləyib.S.Mətinpur bu ilin iyulunda həbs edilib. Tehran İnqilab Məhkəməsi onu 8 il azadlıqdan məhrum edib. Güneyli soydaşımız İran İslam Respublikasının dövlət quruluşuna qarşı təxribatda günahlandırılır. Yaxınları deyir ki, o bir neçə il əvvəl Türkiyəyə səfər edəndən sonra hakimiyyətin qəzəbinə tuş gəlib. Həbsinin gerçək səbəbi onun insan haqları ilə bağlı yazıları, ictimai fəaliyyətlə məşğul olmasıdır.
Vaxtilə Səidlə bir yerdə həbsdə yatmış siyasi fəal Saleh Kamrani deyir ki, Mətinurun səhhəti ona verilmiş işgəncələrə görə ağırlaşıb. İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının ümumi işlər müdiri Yaşar Hakkakpursa Mətinpurun lazımi müalicəni ala bilmədiyini bildirib: “Onda ürək, böyrək, bel xəstəliyi var. Uzun müddət ayaq üstündə dayana bilmir, başı hərlənir. Gərək uzun müddət həkim nəzarətində ola”.
Əlavə edək ki, beynəlxalq insan haqları təşkilatları Səid Mətinpur da daxil olmaqla, həbsdəki digər fəalların dərhal azad edilməsi tələbi ilə bir neçə bəyanat verib, İran rəsmilərinə dəfələrlə müraciət edib. “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı isə Səid Mətinpuru vicdan məhbusu elan edib.
NURLAN

