“İran adlanan yerin həbsxanalarında milli fəallar işgəncələrə məruz qalır”
Güneyli jurnalist Şahnaz Qulami: “Məni o qədər döymüşdülər ki, 3 ay özümə gələ bilmirdim”
“Milli fəal Möhsün Fərhadini öldürüb “Elgölü”nə atmışdılar, Hadi Şəfəqin barmaqlarını, Həmid Valayinin qollarını sındırmışdılar, Elyaz Yekanlıya elektrik şoku vermişdilər”
İran adlanan yerdə Kəhrizək həbsxanasının heç bir standarta cavab vermədiyi üçün bağlanılması haqqında qərar qəbul olunub. Ölkədə keçirilən prezident seçkilərinə etiraz aksiyalarında tutulanlar məhz bu həbsxanada saxlanırdılar və onların arasında naməlum şəraitdə ölənlər də var. İran adlanan yerdə 5 il həbsdə olmuş Güney azərbaycanlı hüquq müdafiəçisi və Qadın Jurnalistlər İcmasının üzvü, Şəhnaz Qulami “Azadlıq” radiosuna müsahibəsində İran adlanan yerin həbsxanasındakı işgəncə faktlarından danışır. www.D-A-K.org olaraq, müsahibəni sizlərə təqdim edirik:
- İran adlanan yerdə müxalifətdən olan sabiq rəsmilərin bəzisinin etirafları telekanallardan yayılır. Eyni zamanda müxalifət iddia edir ki, etiraflar işgəncə altında alınıb və həbsxanalarda naməlum şəraitdə ölənləri sübut kimi göstərirlər. Sizin bu məsələyə münasibətiniz necədir?
- Mən həbsxana və təcridxanalarda öz gözümlə gördüyüm vəziyyəti danışmaq istəyirəm. İşgəncə vasitəsilə etiraflar adi haldır. Mənim özümə də işgəncə və hədələmə vasitəsilə təcridxanada təzyiqlər olunub. Yeddi dəfə müxtəlif məhkəmələrə çağırılmışam və beş il həbs cəzası çəkmişəm.
- Nə üçün məhkəmələrə çağırıldınız?
- Mən jurnalist idim və peşə borcum olaraq ictimaiyyətdə gördüklərimi yazırdım. İnsan haqları ilə bağlı başqa dostlarımla birlikdə hadisələri şəffaflaşdırmaq üçün çalışmışıq. Buna görə dəfələrlə “Ettelaat”a çağırılaraq həbs olunmuşam. 1989-cu ildə beş nəfər həmkarımla Təbrizdə “Ettelaat” tərəfindən tutulduq və hamımıza 8 il həbs verdilər ki, onun 5 ilini həbsxanada keçirdik və sonra azadlığa buraxıldıq.
- Həbsxananın şəraiti necə idi? Orada qanunvericiliyə uyğun olaraq məhbusların hüquqlarına rİayət olunurdumu?
- İki kamera idi, bir də balaca həyət. Qışda kameraları qızdırmağa, yayda isə sərin saxlamağa heç bir imkan yaradılmamışdı. Bizə hətta vəkil tutmağa da icazə vermədilər, nə də QHT-lər və insan haqları ilə bağlı işləyən təşkilatlarla görüşməyimizə imkan yaratmadılar. Beş il eləcə qaldıq. Hətta yadımdadır ki, BMT nümayəndələri həbsxanaya gəlmişdi. Onlara həbsxanada siyasi məhbusun mövcudluğunu bildirməsinlər deyə, bizi ümumi korpusa köçürdülər. BMT nümayəndələri gedəndən sonra beşimizi də həmin kameralara qaytardılar. İndi məhbuslara bəzən çox sərt şərait tətbiq olunmur. Çünki biz bu haqda yazıb, danışıb və xalqa məlumat verdik. Lakin o zaman çox dəhşətli illər idi. Biz elə zaman tutulduq ki, ondan altı ay qabaq bir xeyli siyasi məhbusları edam etmişdilər.
- Həbsdən sonra normal yaşayışa qayıda bildinizmi?
- Mən tutulanda universitet tələbəsi idim, həbsdən sonra universitetə qayıtdım, amma mənə təhsilimi davam etdirməyə icazə vermədilər. Beş il həbsdən sonra azadlığa elə belə çıxmadıq. Bizim azadlığımız üçün məhkəməyə sənəd girov qoyuldu və şərti azad olduq. Hər 15 gündən bir “Ettelaat”a gedib özümüzü təqdim etməli idik. Dostlarımız bizdən çəkinmək məcburiyyətində idi. Dostlarımız parklarda, xiyabanlarda başları ilə bizə salam verməyə belə qorxurdular. Üç il belə yaşadıq.
- Qayıdaq birinci suala. Siz həbsxanada fiziki və mənəvi işgəncələrin olunması haqda nə düşünürsünüz?
- Yadınızdadırsa 2006-cı ilin may ayında “İran” adlanan qəzetdə türkləri “tarakan”a bənzətmişdilər və Təbrizdə böyük aksiyalar həyata keçirildi. O zaman mən “Hadisələrə şəffaflıq” başlıqlı bir məqalə yazdım. O zaman bir həftə hər gün “Ettelaat”a aparıldım. Bu hadisənin ildönümündə isə dostlarımızla aksiyada tutulduq və bizə 6 ay həbs verdilər. Məni o qədər döymüşdülər, başıma elə çırpmışdılar ki, 3 ay dostlarım məni həbsxanalarda gəzdirirdi və özümə gələ bilmirdim. İki ay sonra evimə tökülüb anamın, uşağımın yanında məni döyə-döyə apardılar, 23 gün həbsdə saxladılar və sonra sənəd girov qoymaqla azadlığa buraxıldım.
- Siz dostlarınızın naməlum şəraitdə ölmələri haqda dəfələrlə məqalə yazmısınız. O hadisələrdə daha kimlər öldü?
- Birisi milli fəal Qadir Sədiqi idi. Polis bilərəkdən onun başına zərbə ilə vurmuşdu. Cənazənin başında canlı xəbəri yaydım və sonra yenə də məhkəməyə verildim. Sonra məşhur milli fəal mühəndis Qulamrza Əmaninin “Sepah”ın avtomobil qəzasında öldürülməsi barədə mətbuatda məsələ qaldırdım. İşgəncədən söhbət getmişkən qoy bunu da deyim. Milli fəal Möhsün Fərhadini həmin “tarakan” hadisələrində dostlarının yanında tutub 27 gün o qədər işgəncə etmişdilər ki, keçinmişdi. Sonra hakimiyyət rəsmiləri onun cənazəsini Təbrizin “Elgölü” adına gölünə atmışdılar. Hadi Şəfəq adlı dostum var idi, barmaqlarını sındırmışdılar, yaxud, Elyaz Yekanlıya elektrik şoku vermişdilər, Həmid Valayinin isə qollarını sındırmışdılar və s. Belə hadisələr saymaqla qurtarmır.

